Məlum olduğu kimi, 2007-ci ildən bəri satışa çıxarılmış Apple iPhone-dan əksər istifadəçilər zənglərlə yanaşı, həm də şəkil və video çəkilişi üçün tez-tez istifadə edirlər.
2010-cu ilin fevral ayında təsis edilmiş Engineea adlı ispan layihəsi bu imkanı daha da təkmilləşdirə bilib. İndi iPhone-la nəinki 3D görüntülər çəkə, hətta onları mobil ekranda seyr edə bilərsiniz.
Bu məqsədlə şirkət mütəxəssisləri Sthreeam adlı qurğu işləyib hazırlayıblar. Sthreeam 3.2 və Sthreeam 5.0 modellərindəki kameraların sensoru smartfonlardakı kamera sensorlarının eynən analoqudur. Modullar Apple mobil qurğuları üçün nəzərdə tutulmuş standart portlar vasitəsilə qoşulur.
Sthreeam 3.2 modeli iPhone 3GS və onun 3,2 meqapiksel kamerası ilə birgə işlədilmək üçün nəzərdə tutulmuşdur. Sthreeam 5.0 isə iPhone 4-ün 5-mp kamerası ilə birgə iş üçündür. Birinci halda iki kamera yalnız həcmli şəkillər çəkir, iPhone 4-ə qoşulduqda isə Sthreeam 5.0 saniyədə 30 kadr sürətilə VGA-çözünürlüklü 3D-video çəkə bilir.
Görüntü smartfonun standart displeyində təsvir olunur. Foto və video seyr etmək üçün anaqlifik 3D-eynək (qırmızı və firuzəyi rəngli) tələb olunur.
Aksessuarlar Mobil Əlavələrlə Nizamlanır
Qoşulan sensor kameralarla yanaşı, mütəxəssislər bu aksessuarları idarə etmək üçün xüsusi mobil proqram əlavələri də işləyib hazırlayıb.
Amma bir problem mövcuddur: Engineea layihəsinin maliyyə imkanları lazımi sertifikatları əldə etmək üçün yetmir. Ona görə də müəlliflər öz layihələri barədə Kickstarter.com saytında məlumat yerləşdiriblər. Beləliklə, arzu edən hər bir şəxs qurğu üçün ilkin sifariş verməklə layihənin maliyyə imkanlarını lazımi səviyyəyə gətirməyə yardımçı ola bilər.
Satış Qiyməti
Sthreeam 3.2 modulunun dəyəri 50 dollar (tövsiyə olunan pərakəndə satış qiyməti isə 64,95 dollar), Sthreeam 5.0-in dəyəri isə 70 dollardır (pərakəndə satış qiyməti 89,95 dollar).
Mənbə: www.texnomedia.com







