Facebook məşhur sosial oyun Farmville-nin müəllifi Zynga şirkəti ilə birgə Project Spartan adlı irimiqyaslı bir layihə üzərində çalışır.
TechCrunch resursuna istinadən, layihə HTML5 texnologiyasına əsaslanan mobil oyunlar üçün xüsusi platforma və iOS üçün belə əlavələr dükanının hazırlanmasına yönəlib.
Bütün sistem Safari veb-brauzerinin mobil versiyası və iOS üçün HTML5-i dəstəkləyən digər analoji proqramlarda normal işləməlidir.
İrəli sürülmüş bu təşəbbüsü artıq 80 nəfər proqramçı dəstəkləyib ki, bu da heç də təəccüblü deyil. Çünki servisin potensial auditoriyası 100 milyondan artıq adamı əhatə edir.
Layihə Nə Zaman Hazır Olacaq?
Project Spartan layihəsi artıq 2 aydır ki, işlənib hazırlanmaqdadır. Yaxın bir neçə həftə ərzində Facebook artıq bu xidməti istifadəyə verməyi planlaşdırır. Bundan əlavə, şirkətin planlarına bu layihənin Android platformasına uyğunlaşdırılması da daxildir.
Amma hələlik Facebook-un başlıca hədəfi iOS-dur.
Təşəbbüsün Başlıca Səbəbi
Belə bir şayiə gəzir ki, Apple-ın Facebook-dan imtina edərək əvəzində Twitter-i tam olaraq iOS 5 platformasına inteqrasiya etməsi dünyanın ən iri sosial şəbəkəsini Project Spartan layihəsini reallaşdırmağa sövq edib.
Mənbə: www.texnomedia.com




